"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

K.Bayramov: “Bələdiyyələrin fəaliyyəti arzuolunan səviyyədə deyil…”

--2017-03-16 / 08:39

Belediyye.infonun suallarını Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Kamran Bayramov cavablandırır.

Milli Məclisin üzvünə ilk sualımız bələdiyyələrin fəaliyyətiylə bağlı oldu.

-          Bələdiyyələrin ötən ilki fəaliyyəti Sizi qane etdimi?

-          Hesab edirəm ki, 2016-cı il bələdiyyələrin inkişafı, maliyyə imkanlarının artırılması, bələdiyyə ərazilərində yerli əhəmiyyətli məsələlərin həlli baxımından uğurlu olmuşdur. Belə ki, ötən il ərzində bələdiyyələrimiz tərəfindən ərazilərin abadlaşdırılması, məişət tullantılarının yığılması və nəqli, yerli əhəmiyyətli yolların təmiri və saxlanılması, sosial yönümlü obyektlərin saxlanılması və təmiri, yerli səviyyədə sosial müdafiə tədbirləri, ekoloji tarazlığın təmin edilməsi və əhalini narahat edən digər məsələlərin həlli istiqamətində bir çox işlər görülmüşdür. Lakin, bu fəaliyyət arzuolunan səviyyədə deyil, çünki bələdiyyələrin mövcud potensialı daha çox işlər görməyə, sərəncamlarında olan maliyyə vəsaitlərindən və mülkiyyətində olan əmlakdan daha səmərəli şəkildə istifadə etməyə imkan yaradır.

-          2017-ci ildə bələdiyyələrdən hansı irəliləyişləri gözləyirsiniz?

-          Bu ildə bələdiyyə fəaliyyətindən böyük gözləntilər vardır. ilk növbədə, bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin yığılması işinin təkmilləşdirilməsi və yığılması səviyyəsinin artırılması sahəsində xeyli irəliləyişlər gözlənilir. Ötən ilin statistik məlumatlarına əsasən yerli vergi və ödənişlərin bir çox növləri üzrə daxilolmalar əvvəlki dövrlərə müqayisədə artmışdır və bu dinamikanın növbəti illərdə də müşahidə olunması gözlənilir. Bu irəliləyişdə, xüsusilə bələdiyyələrdə ötən il quraşdırılmış və hazırda bütün yerli özünüidarəetmə orqanlarında tətbiq edilən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminin rolu olduqca böyükdür. Bununla yanaşı, bu ildə yeni bələdiyyə müəssisələrinin və xidmət sahələrinin yaradılması perspektivləri yüksəkdir və hesab edirəm ki, bu cür müəssisələrin işə salınması mənfəət baxımından bələdiyyələr üçün, məşğulluğun təmin edilməsi baxımından əhali üçün faydalı olacaqdır.

-          Bu gün bələdiyyə qanunvericiliyində ilk növbədə hansı dəyişikliyin edilməsini  təklif edərdiniz?

-          Qeyd edilməlidir ki, bələdiyyələrin fəaliyyətinin təmin edilməsi, onların iqtisadi potensialının və maliyyə imkanlarının gücləndirilməsi üçün çox zəngin və təkmil qanunvericilik bazası yaradılmışdır. Lakin, təcrübədə rast gəlinən çətinliklər, qanunlarda olan uyğunsuzluqlar bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsini zəruri edir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevin təşəbbüsü ilə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, yerli vergi və ödənişlərin hesablanması və yığılmasının asanlaşdırılması və digər mühüm məsələlərə aid olan qanunlar qəbul olunmuş və bunun nəticəsində bələdiyyələr böyük vəsaitlər toplayır və həmin vəsaitləri yerli əhəmiyyətli məsələlərin həllinə yönəldirlər. Məlumat vermək istərdim ki, Milli Məclisin Regional məsələlər Komitəsi də bu işdə yaxından iştirak edir. Komitənin təşəbbüsü ilə Milli Məclisin deputatlarından, bələdiyyə sədrlərindən və üzvlərindən, ədliyyə Nazirliyinin və bələdiyyələrin milli assosiasiyalarının nümayəndələrindən ibarət bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsi üzrə müvafiq işçi qrup yaradılmış, qrupun bir çox iclasları keçirilərək müzakirələr aparılmışdır. Nəticədə bələdiyyə fəaliyyətinin düzgün təşkili, şəffaflığın artırılmasına dair bir sıra qanun layihələri hazırlanmış, Komitənin müzakirəsinə çıxarılmışdır.

         Fikrinzicə bu gün ölkəmizə 1607 bələdiyyənin olması zəruridirmi?

-          Nəzərinizə çatdırım ki, bələdiyyələrin yaradıldığı dövrdə bu qurumların sayı 2736 idi. Onların arasında əraziləri kiçik və əhalisi az olan bələdiyyələr mövcud idi, öz maliyyə potensiallarından tam istifadə edə bilmirdi, vətəndaşların sosial sifarişlərinin və yerli əhəmiyyətli məsələlərin həllində maliyyə çatışmazlığı ilə üzləşirdilər. Bunu nəzərə alaraq, yerli əhali 2004-cü və 2009-cu illərdə bələdiyyələrin birləşməsi təşəbbüsü ilə çıxış etmiş, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Qanuna uyğun olaraq bələdiyyələrin birləşməsi prosesi həyata keçirilmiş, onların sayı 1607-ə enmişdir. O ki qaldı bu sayın zəruri olub-olmamasına, burada bir məqam nəzərə alınmalıdır. Bələdiyyələrin sayının artırılması və ya azalması dövlətdən deyil, əhalidən asılıdır, çünki bu təşəbbüsün irəli sürülməsi hüququ yuxarıda qeyd etdiyim qanuna əsasən bələdiyyələrin ərazisində yaşayan vətəndaşlara məxsusdur və yalnız onların yığıncaqlarının qərarına əsasən reallaşdırıla bilər.

Belediyye.info

ŞƏRHLƏR